Media Reyestri nədir?


Media Reyestri – “Media haqqında” Azərbaycan Respublikası Qanununun 

73.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında media subyektlərinə, o cümlədən onların redaksiyalarına, habelə jurnalistlərə dair məlumatların sistemləşdirilməsi məqsədilə yaradılmış və Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA Agentliyi) tərəfindən idarə olunan elektron informasiya ehtiyatıdır.

Media Reyestri – ölkədə mövcud olan media subyektləri və jurnalistlər haqqında məlumatlılığın təmin edilməsinə, media subyektləri və jurnalistlərin iqtisadi müstəqilliyinin gücləndirilməsinə, onlara müxtəlif güzəştlərin tətbiqi zərurəti yarandıqda həmin imtiyazların tətbiq ediləcəyi subyektlərin dairəsinin aydın müəyyən edilməsinə, habelə media subyektlərinə və jurnalistlərə tanınan hüquqların müdafiəsi mexanizminin formalaşdırılmasına, akkreditasiya prosedurunun daha sürətli və səmərəli həyata keçirilməsinə imkan yaradır.

Media Reyestri – istifadə rahatlığı, fasiləsizlik, operativlik və şəffaflıq prinsipləri əsasında fəaliyyət göstərir.

Media Reyestri – media subyektləri və jurnalistlər tərəfindən məlumatların daxil edilməsi, media subyektləri və jurnalistlər ilə MEDİA Agentliyi arasında elektron əlaqənin qurulması, elektron xidmətlərin alınması, Reyestrə inteqrasiya olunmuş informasiya sistemlərindən məlumatların (əldə edilməsi qanunla məhdudlaşdırılan informasiyalar istisna olmaqla) əldə edilməsi və digər xidmətlərin göstərilməsini əhatə edir.