close
close

İstifadəçi təlimatı və tez-tez verilən suallar

Media Reyestri Azərbaycan Respublikasında media subyektlərinə, o cümlədən onların redaksiyalarına, habelə jurnalistlərə dair məlumatların sistemləşdirilməsi məqsədilə yaradılan elektron informasiya ehtiyatıdır.

Media Reyestrinə media subyektləri və jurnalistlər müraciət edə bilərlər.

Media Reyestrinə müraciət yalnız elektron formada həyata keçirilir. Reyestrə ASAN Login vasitəsilə (Fərdi identifikasiya nömrəsi, SİMA İmza, Asan İmza və ya Elektron İmza) müraciət oluna bilər

Azərbaycan Respublikasında fəaliyyət göstərən hər bir media subyekti Media Reyestrinə daxil olmaq üçün müraciət etməlidir.

Media Reyestrinin istifadəyə verildiyi tarixə qədər artıq fəaliyyət göstərən media subyektləri 6 ay ərzində Reyestrə müraciət etməlidirlər. Yeni yaranacaq media subyektlərinin isə fəaliyyətə başlamazdan 1 həftə əvvəl Media Reyestrinə müraciət etmələri vacibdir

Jurnalistlərin Media Reyestrinə müraciəti könüllü xarakter daşıyır. Şəxs Media Reyestrinə müraciət etmədən də jurnalist fəaliyyətini maneəsiz, qanunla müəyyən edilən bütün müdafiə mexanizmlərindən istifadə etməklə həyata keçirə bilər.

Jurnalist Media Reyestrinə daxil edilmək üçün istənilən ixtisas üzrə ali təhsilə, həmçinin jurnalistika sahəsi üzrə 3 ildən az olmayaraq iş stajına malik olmalıdır. Elmi və pedaqoji təhsil müəssisələrində jurnalistika sahəsində fəaliyyət də bu staja daxildir.

Media Reyestrinə daxil edilmək üçün jurnalistin artıq Reyestrdə olan hər hansı media subyekti ilə əmək və ya mülki hüquq müqaviləsi olmalıdır.

Jurnalist vəsiqə əldə etmək üçün Media Reyestrinə fərdi şəkildə müraciət etməlidir.

Jurnalist vəsiqəsinin etibarlılıq müddəti 3 ildir

Jurnalist vəsiqəsinin əldə edilməsi və ya dəyişdirilməsi üçün 20 manat ödəniş nəzərdə tutulur.

Jurnalist Media Reyestrinə daxil edildikdən 3 iş günü sonra vəsiqəsini Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyindən təhvil ala bilər.

Əmək müqaviləsinə xitam verilmiş jurnalist sonuncu iş günündə öz vəsiqəsini çalışdığı media subyektinə təhvil verməli, media subyekti isə ən geci 3 iş günü müddətində həmin vəsiqəni Agentliyə təqdim etməlidir. Mülki hüquq müqaviləsi ilə çalışan jurnalistlər Media Reyestrindən çıxarıldıqları gündən ən geci 3 iş günü müddətində jurnalist vəsiqəsini Agentliyə verməlidirlər.

Audiovizual media subyektləri Media Reyestrinə daxil edilmək üçün Audiovizual Şuraya müraciət etməlidirlər. Onlar Reyestrə Şura tərəfindən daxil edilirlər.

Media Reyestrinə müraciət tam elektronlaşmış şəkildə həyata keçiriləcək. Elektron hökumət üzərindən inteqrasiya prosesində bəzi hallarda müəyyən məlumatların mübadiləsində çətinliklər müşahidə oluna bilər. Bu kimi hallarda müraciətçi inteqrasiya olunmayan informasiyalara dair sənədləri qanunvericiliyə uyğun olaraq, Agentliyə kağız daşıyıcıda təqdim edə bilər.